Naxçıvan Dövlət Tarix Muzeyi Naxçıvan MSSR Xalq Komissarları Sovetinin 30 oktyabr 1924-cü il tarixli qərarı ilə Naxçıvan Tarix Etnoqrafiya Muzeyi kimi yaradılmışdır. Muzeyin adı bir neçə dəfə dəyişdirilmiş, ötən əsrin 60-cı illərinin sonlarından Naxçıvan Dövlət Tarix Muzeyi adlandırılmışdır. Muzeydə 49 mindən çox eksponat vardır ki, onların da 3 mini ekspozisiyada nümayiş olunur. Muzeyin ekspozisiyası əsasən qədim, orta əsrlər, yeni və ən yeni tarixi əhatə edir.
Ekspozisiyanın birinci mərtəbəsi
ndə əsasən daş, tunc, dəmir və orta əsrlər dövrünə aid eksponatlar nümayiş etdirilir. Bunlar o dövrdə ovçuluğun və toxuculuğun inkişaf etdiyini göstərir.
Üzəri oyma naxışlarla bəzədilmiş, səma cisimləri, ov səhnələri təsvir olunmuş, Kür-Araz mədəniyyətinə aid monoxrom, polixrom və zoomorf tipli gil qablar, Naxçıvanın qədim yaşayış məskənlərindən biri olan I və II Kültəpə abidəsindən eneolit, tunc və ilk dəmir dövrünə aid əldə olunan maddi-mədəniyyət nümunələri muzeydə nümayiş etdirilir.
Xalqımızın dəfn adət-ənənələrinin qədimliyini bildirən küp və daş qutu qəbirlər, həmçinin üzəri sujetli kompozisiyalarla zəngin olan məzarüstü sənduqələr, mərmər sinə daşı, epiqrafik abidələrin fotoşəkilləri və maketləri nümayiş olunur.
Xalq yaradıcılığının tarixi-etnoqrafik və bədii xüsusiyyətləri öz əksini milli geyimlərdə tapır. Geyim kolleksiyasına daxil olan qadın və kişi geyimləri ekspozisiyada sərgilənir.
Muzeyin ekspozisiyasında təqdim olunan rəsm əsərləri Naxçıvan tarixinin müxtəlif dövrlərini yaxından izləməyə imkan verir. Muzeyin ekspozisiyasında milli musiqi alətlərinin müxtəlif növləri- nəfəsli, simli və zərb musiqi alətləri nümayiş etdirilir. Muzeyin ikinci mərtəbəsindəki ekspozisiya XIX-XX əsrləri əhatə edir. XIX əsrdən indiyədək Azərbaycanda dövriyyədə olan kağız pulların nümunələri və müxtəlif dövrlərə aid sikkələr tamaşaçılara təqdim olunur. Həmçinin XIX əsrdən XX əsrin əvvələrinədək Naxçıvanın kənd təsərrüfatında istifadə olunan alətlər və qurğular nümayiş etdirilir.
Ekspozisiyada azərbaycanlı ustalar tərəfindən hazırlanmış məişət əşyaları və dekorativ tətbiqi sənət nümunələri nümayiş etdirilir. Milli ornamentlərlə toxunan xovlu və xovsuz xalçalar, at və dəvə üzəngiləri, xurcunlar, heybələr, məfrəşlər, bədii tikmələr xalqımızın zəngin tarixi mədəniyyətə malik olduğundan xəbər verir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və fəaliyyətindən bəhs edən sərgidə Azərbaycanın dövlət atributları, tarixi sənədlər, foto şəkillər, 1918-1920-ci illərə aid pullar və digər eksponatlar mövcuddur.
Muzeyin ekspozisiyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən xüsusi sərgilər, tamaşaçılara ulu öndərin şərəfli həyat yolunu izləməyə imkan verən tarixi sənədlər, foto şəkillər, rəsm əsərləri, kitab və dövrü mətbuat nümunələri ilə zəngindir.
Muzeyin ekspozisiyası Naxçıvan Muxtar Respublikasının muxtariyyət tarixindən bəhs edən sərgi ilə başa çatır. Sərgidə Naxçıvanın muxtariyyət tarixinə dair sənədlər, izahlı məlumatlar, xəritələr, foto şəkillər, kitablar, dövrü mətbuat nümunələri və digər materiallar nümayiş etdirilir.